ORDU
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib VİDEO
Bakı, 26 iyun, AZƏRTAC
Silahlı Qüvvələr Günü münasibətilə iyunun 26-da Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi hörmət və ehtiramla anılıb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib.
Sonra Şəhidlər xiyabanına gələn nazirliyin rəhbər heyəti ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Daha sonra hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, bütün şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla anılıb.