İDMAN
Murat Özmekik: “Bakı-2015”-dəki badminton yarışlarında Türkiyəyə bir bürünc medal qazandırdıq
İstanbul, 16 iyul, AZƏRTAC
Azərbaycan “Bakı-2015” ilk Avropa Oyunlarına böyük peşəkarlıqla ev sahibliyi etdi. Badminton yarışlarında qadın idmançılarımız Neslihan Yığıt və Özge Bayraqk Türkiyəyə bir bürünc medal qazandırdılar. Bu federasiyamız üçün çox dəyərli mükafatdır. Çünki onu qardaş Azərbaycanda əldə etmişik.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Badminton Federasiyasının (TBF) prezidenti Murat Özmekik deyib.
O, ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu, idmançıların rejimi və normal qidalanması üçün hər cür şərait yaradıldığını, mərasimin uğurla başa çatdığını bildirib.
Murat Özmekik deyib: “İlk Avropa Oyunları beynəlxalq idman ictimaiyyəti üçün böyük töhfələr verməklə bərabər Azərbaycanda idmanın ayrı -ayrı sahələrinin, o cümlədən badminton üzrə daha sürətli inkişafa ciddi zəmin yaratdı. Badminton Türkiyədə inkişaf etmiş idman növüdür. Bu idmanla ölkəmiz Avropada normal göstəricilər qazanır. Hesab edirəm ki, badmintonun inkişafı üçün Azərbaycanda böyük potensial var. Bu sahədə qardaş Azərbaycanla faydalı əməkdaşlığımız olacaqdır. Bununla bağlı Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarovla da səmərəli fikir mübadiləmiz olub. Səmimi və qardaşlıq münasibətlərinə, yüksək qonaqpərvərliyə görə, Azərbaycan Badminton Federasiyasına təşəkkür edirik.”
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul