İQTİSADİYYAT
Müşavir: Su itkilərinin azaldılması məqsədilə 6 magistral kanalın təmir-bərpasına başlanılıb
Bakı, 27 dekabr, AZƏRTAC
Ölkədə su ehtiyatlarının artırılması məqsədilə yeni su anbarlarının yaradılması istiqamətində Yengicə su anbarının tikintisi davam etdirilib, Əlicançay su anbarının tikinti işlərinə başlanılması üçün tender proseduru tamamlanaraq podratçı şirkətlə müqavilə bağlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov bildirib.
Onun sözlərinə görə, su itkilərinin azaldılması məqsədilə ümumilikdə 6 magistral kanalın təmir-bərpasına başlanılıb, bundan 4 kanalın yenidən qurulması işləri artıq yekunlaşma mərhələsindədir.
“Bu istiqamətdə 8 magistral kanalın texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması tamamlanıb, daha 12 kanal və Mil-Qarabağ kollektoru üçün isə müvafiq layihə sənədlərinin hazırlanması işləri sürətlə davam etdirilir. Tədbirlər nəticəsində ümumilikdə 700 km uzunluqlu suvarma kanallarının yenidən qurulması ilə 300 min hektar ərazinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulub. Bununla yanaşı, Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması və yenidən qurulması tədbirləri üzrə zəruri təmir-bərpa işləri tamamlanıb”, - deyə Ə.Şirinov bildirib.
Onun sözlərinə görə, agentlik tərəfindən bütün respublika ərazisində etibarlı su təchizatına nail olunması məqsədilə institusional, struktur və investisiyaların idarəolunması istiqamətlərində yeni islahatların həyata keçirilməsi, su itkilərinin azaldılması məqsədilə infrastrukturun müasirləşdirilməsi, həmçinin su anbarlarının tikilməsi və təmir-bərpası ilə ölkədə yeni su ehtiyatlarının yaradılması nəzərdə tutulub.