MƏDƏNİYYƏT
Musiqili Teatr bu ay rusdilli tamaşaçıları unutmayıb
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu ay rusdilli tamaşaçılarını unutmayıb.
AZƏRTAC xəbər verir ki, sənət ocağının yaradıcı kollektivi dekabrın 20-də macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettasını rusdilli teatrsevərlərin ixtiyarına verəcək.
Tamaşada rolları teatrın rus bölməsinin aktyorları - Əməkdar artistlər - Boris Qrafkin, Svetlana Bulax, aktyorlar - Emil Heydərov, Firus Məmmədov, Rauf Babayev, Telnaz Hüseynova, Nicat Əli, Aydan Həsənova, Elməddin Dadaşov, Murad Əliyev ifa edəcəklər. Səhnə əsərinin quruluşçu-rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu-baletmeysterləri - Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Dünyada məşhur olan bu əsərin süjet xəttini saf, təmiz sevgi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan böyük sevgi ətrafdakılar, xüsusilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir.