İQTİSADİYYAT
Muzdlu işdən əldə olunan gəlirlər məcburi sosial sığorta ödəmələrinə necə cəlb edilir?
Bakı, 17 avqust, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən bütün müəssisələr (fiziki və hüquqi şəxslər) işçiləri əmək müqaviləsi əsasında muzdlu əmək fəaliyyətinə cəlb etdikləri zaman onlara görə məcburi sosial sığorta haqqı (MDSS) ödənişi etməlidirlər.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, sözügedən məsələni şərh edən iqtisadçı ekspert Radil Fətullayev MMDS ödənişlərin sığortaedənin ödənişləri və sığorta olunanın ödənişləri olmaqla 2 yerə bölündüyünü deyib.
O, bildirib ki, “Sosial sığorta haqqında” Qanuna əsasən, məcburi sosial sığorta haqqının hesablanması qaydası aşağıdakı iki istiqamət üzrə aparılmalıdır:
- qeyri-neft-qaz və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığorta olunanlar üçün MDSS-nin hesablanması;
- neft-qaz və dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığorta olunanlar üçün MDSS-nin hesablanması.
İqtisadçı qeyd edib ki, qeyri-neft və qeyri-dövlət sektoru üçün məcburi sosial sığorta haqqının hesablanması qaydası aşağıdakı kimidir:
- Sığortaedənin hesabına ödənişlər işəgötürən müəssisə tərəfindən (işçinin maaşından tutulmayan) ödənilən sosial ödənişlərdir. Bu cür ödənişlər müəssisənin xərci kimi qeyd olunaraq hesabata daxil edilir. “Sosial sığorta haqqında” Qanuna əsasən, Azərbaycanda bu cür ödənişin faiz dərəcəsi əməkhaqqı fondundan 200 manata qədər olduqda 22 faiz, 200 manatdan çox olduqda əlavə məbləğin 15 faizi miqdarında MDSS-yə cəlb olunur.
- Sığortaolunanın hesabına ödənişlər işçinin maaşından tutularaq ödənilən sosial ödənişlərdir. Azərbaycanda bu ödənişin miqdarı qüvvədə olan qanunvericiliyə görə, əməkhaqqı 200 manata qədər olduqda 3 faiz, 200 manatdan yuxarı olduqda əlavə məbləğin 10 faizi miqdarında MDSS -yə cəlb olunur.
Neft və büdcə sektoru üçün məcburi sosial ödənişlərin hesablanması qaydası isə aşağıdakı kimidir:
- Sığortaedənin hesabına ödənişlərin məbləği əməkhaqqı fondunu birbaşa 22 faizə vurmaqla hesablanır və alınan məbləğ MDSS-yə cəlb olunur.
- Sığorta olunanın hesabına ödənişlərin miqdarı 2019-cu il üzrə qanunvericiliyə görə əməkhaqqının 3 faizi məbləğində müəyyən edilib.