REGİONLAR
Naftalanda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb
Gəncə, 31 mart, Elcan Məmmədov, AZƏRTAC
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Naftalan şəhərində anım tədbiri keçirilib.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Memorial Xatirə Kompleksinin önündə keçirilən tədbirdə soyqırımı qurbanlarının xatirəsi yad edilib, abidənin önünə gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Anım tədbirində şəhər icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ictimaiyyəti iştirak edib.
Bildirilib ki, Mart soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Qeyd olunub ki, ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımının araşdırılması və həqiqətlərin dünyaya yayılması istiqamətində bu gün də mühüm addımlar atılmaqdadır.