REGİONLAR
Naftalanda qazilər üçün bayram tədbiri təşkil olunub
Naftalan, 28 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Naftalan Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslər və qazilər üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, mərkəzin direktoru, həmçinin şəhid ailələri, qazilər, mərkəzdə stasionar müalicə alan əlilliyi olan şəxslər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Şəhər icra hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova qarşıdan gələn bayramlar münasibətilə tədbir iştirakçılarını təbrik edib. Vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq müasir tələblərə uyğun qurularaq istifadəyə verilən Naftalan Reabilitasiya Mərkəzi Vətən müharibəsində yaralanmış qazilərimizin bərpa- müalicəsi və sosial-psixoloji xidmətlərlə təminatında xüsusi önəm kəsb edir.
Mərkəzin direktoru Pərvanə Abdurəhmanova hərbi əməliyyatlarda iştirak edən şəxslərin mövcud durumunun, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyətinin önəmli olduğunu vurğulayıb.
Sonda şəhid və qazi övladlarına Yeni il hədiyyələri təqdim edilib.