RƏSMİ XRONİKA
NAMƏLUM ƏSGƏRİN MƏZARINI ZİYARƏT
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Varşavanın Pilsudski meydanında naməlum əsgərin məzarını ziyarət etmişdir.
Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycanın və Polşanın dövlət himnləri səsləndi.
Dövlətimizin başçısı İlham Əliyev Polşanın bütün tarixi ərzində öz azadlığı uğrunda apardığı müharibələr zamanı verdiyi qurbanların xatirəsini ehtiramla yad etdi, abidə önünə əklil qoydu.
Sonra dövlətimizin başçısına abidə kompleksi haqqında ətraflı məlumat verildi. Bildirildi ki, abidə kompleksi Polşanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş insanların şərəfinə ucaldılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev xatirə kitabına ürək sözlərini yazdı.
######