Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kaniliadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, ilk növbədə, Assosiasiyamızın bütün üzvləri adından 44 günlük müharibədə qazandığınız qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edim. Sizin əzmkarlığınız və qətiyyətiniz sayəsində cəsur Azərbaycan Ordusu beynəlxalq hüquq normalarına uyğun olaraq erməni işğalçılarını qədim və tarixi torpaqlarınızdan nəhayət ki, qovaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi hadisə münasibətilə Sizi bir daha təbrik edirəm. İnanırıq ki, işğaldan azad edilmiş torpaqlarda tezliklə tərəqqi və sürətli inkişaf dövrü başlayacaqdır. Təəssüflər olsun ki, müharibə itkisiz olmur. Ölkənizin bu qanlı, lakin şanlı döyüşlərdə verdiyi itkilərə görə çox kədərlənirik. Təşkilatımız adından Sizə, Azərbaycan xalqına və həlak olanların ailələrinə bir daha dərin hüznlə başsağlığı veririk. Müharibə zamanı dövlətinizə və ordunuza dəstək olan Assosasiyamız həlak olanların və yaralananların ailələrinə hər cür kömək göstərməyə davam edəcəkdir.

Hörmətli cənab Prezident, Sizi, həmçinin qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurulmasını və onun böyük inkişaf yolunu yüksək səviyyədə təmin edərək dünya azərbaycanlılarının vahid azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi üçün məqsədyönlü siyasət formalaşdırıb. Bu siyasət Sizin tərəfinizdən uğurla davam etdirilir və dünyanın digər ölkələrində olduğu kimi, İtaliyada da yaşayan azərbaycanlılar arasında vətənpərvərlik və həmrəylik hissləri, eləcə də milli hədəflər uğrunda fəaliyyət bu gün də yüksək səviyyədədir. Rəhbərlik etdiyim “Napoli-Bakı Assosiasiyası” da İtaliya-Azərbaycan dostluğunu daha da möhkəmləndirmək və inkişaf etdirmək istiqamətində fəaliyyət göstərməkdə davam edir. Biz daima dost Azərbaycan xalqının yanındayıq.

İtaliyanın strateji tərəfdaşı olan Azərbaycanın yaxın gələcəkdə bütün sahələrdə yeni uğurlar qazanacağına inanırıq və bunu səmimi qəlbdən arzulayırıq.

Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı və uzun ömür, uğurlu siyasətinizdə yeni-yeni nailiyyətlər diləyirəm.

Yaşasın İtaliya-Azərbaycan qardaşlığı! 

Hörmətlə,

 

Cuzeppe Kanilia

Napoli-Bakı Assosiasiyasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin