REGİONLAR
Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə mühüm rol oynayır
Qəbələ, 1 dekabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək, ölkəmizdə narkomaniyaya qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin mütəmadi xarakter daşıdığını bildirib, narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdən biri olduğunu, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
İcra hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Pərvin Pənahov çıxışında bəşəriyyətin ən ağrılı problemlərindən biri olan, “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığını bildirib, rayon icra hakimiyyətinin başçısı yanında fəaliyyət göstərən komissiya tərəfindən görülmüş işlər barədə məlumat verib.
Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov çıxışında narkomaniyanın insan sağlamlığına vurduğu zərərlərdən, onun törətdiyi fəsadlardan ətraflı bəhs edib.
Diskussiya şəklində davam etdirilən tədbirdə təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi və digər məsələlər geniş müzakirə edilib.