REGİONLAR
Naxçıvan Dövlət Universitetində Xocalı faciəsinə həsr edilmiş kitab sərgisi açılıb
Naxçıvan, 25 fevral, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin əsas korpusunda (NDU) Xocalı faciəsinə həsr edilmiş kitab sərgisi təşkil edilib. Tələbə və müəllimlər tarixi faktlara söykənən Azərbaycan, türk, ingilis və rus dillərində nəşr edilmiş kitablarla tanış olub, sərgiyə baxıblar.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, İncəsənət fakültəsinin sərgi salonunda isə faciə qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq 50-yə yaxın rəsm əsərinin nümayiş edildiyi sərgiyə baxış olub. Universitetin Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin təşkil etdiyi sərgi hər bir tələbənin Xocalı faciəsinə şəxsi baxışını ifadə edir.
Universitetin rektoru Elbrus İsayev bu cür sərgilərin keçirilməsinin həm tələbələrin təcrübəsinin artırılmasında, həm də tarixi həqiqətlərin yaşadılması və gələcək nəsillərə çatdırılmasında xüsusi əhəmiyyətini qeyd edib və gənc rəssamlara uğurlar arzulayıb.
Fakültənin akt zalında davam edən tədbirdə əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda çıxış edən rektor 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımının qəddar və dəhşətli cinayət olduğunu vurğulayıb. Qeyd edilib ki, bu hadisə təcavüzkar ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilən yeganə soyqırımı aktı olmayıb, bundan əvvəl də xalqın başına dəfələrlə belə müsibətlər gətirilib.
Elbrus İsayev Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində ardıcıl addımlar atıldığını bildirib.
Tələbələrin ifasında şeirlər səsləndirildikdən sonra tələbə teatr studiyasının Xocalı soyqırımı ilə bağlı “Ərəfə” adlı kompozisiyası nümayiş olunub. Musiqişünaslıq ixtisası üzrə III kurs tələbəsi Fərid Əkbərlinin rejissoru olduğu kompozisiyada studiyanın üzvləri Məhərrəm Nadirov, Sevgili Qəhrəmanlı çıxış ediblər.
Sonda faciənin dəhşətlərini özündə əks etdirən “Xoca” filmi təqdim olunub.