REGİONLAR
Naxçıvan Kikboksinq Federasiyası əməkdaşlıq əlaqələrini gücləndirir
Naxçıvan, 16 noyabr, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində təşkil olunan və dünyanın 70-dən çox ölkəsində canlı yayımlanan peşəkar kikboksçuların ənənəvi döyüş gecəsi - “Levent bulut fight club champions night”da Naxçıvan Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev də iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, tədbirə rəsmi qonaq qismində dəvət olunan federasiya sədri turnirin mükafatlandırma mərasimində yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşkilatçılara təşəkkürünü bildirib, Azərbaycan idmançılarının belə yarışlarda iştirakını yüksək qiymətləndirdiyini qeyd edib. Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının idman arenalarında da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Turnirdən sonra yarışın təşkilatçısı, tanınmış məşqçi Levent Bulud və Xəyal Abdullayev arasında görüş reallaşıb. İrimiqyaslı turnirlərin təşkilatçılıq məsələləri ilə bağlı müzakirə və məsləhətləşmələr aparılıb, Naxçıvanın gənc kikboksçularının bu tipli turnirlərdə iştirakının təmin olunması ilə bağlı razılıq əldə olunub.
Görüşün sonunda “Levent bulut fight club champions night”a məxsus xatirə kəməri Xəyal Abdullayevə hədiyyə edilib.