REGİONLAR
Naxçıvanda ötən il 32 min 721 hektar sahədə taxıl əkilib, zəmilərdən 103 min tondan çox məhsul yığılıb
Naxçıvan, 6 yanvar, AZƏRTAC
Ötən il muxtar respublikada bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olunub, digər sahələr kimi, kənd təsərrüfatının da inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi diqqətdə saxlanılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 2021-ci ilin məhsulu üçün muxtar respublikada 64 min hektardan artıq sahədə əkin aparılıb. Sahələrin 32 min 721 hektarını taxıl əkini təşkil edib, zəmilərdən 103 min tondan çox məhsul yığılıb.
Qarğıdalı əkinlərinə də diqqət artırılıb, məhsulun vaxtında toplanması üçün tədbirlər görülüb və tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olunub. Ötən il 2150 hektar qarğıdalı sahəsindən 21 min tona yaxın məhsul tədarük edilib, hər hektarın orta məhsuldarlığı 96 sentner olub. Bostan-tərəvəz məhsullarına olan tələbat da nəzərə alınıb, muxtar respublika üzrə 6203 hektar sahədə tərəvəz, 2479 hektar sahədə bostan əkinləri həyata keçirilib, 102 hektar yeni meyvə bağı salınıb. Bundan başqa, 3470 hektar sahədə kartof, 52 hektar sahədə tütün əkini aparılıb ki, bu da bir il əvvəlki göstəricilərlə müqayisədə 7 və 16 faiz çoxdur.
Muxtar respublikada əkinçiliyin inkişafında başlıca amil olan toxumçuluq sahəsi də dövlət qayğısından kənarda qalmayıb, torpaq mülkiyyətçilərinin məhsuldar və yerli iqlim şəraitinə uyğun toxumlarla təminatı sahəsində ardıcıl tədbirlər görülüb. 2021-ci il iyulun 15-də “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin yaradılması muxtar respublikada toxuma olan tələbatın yerli istehsal hesabına ödənilməsi və bu sahədə dövlət nəzarətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olub.