REGİONLAR
Naxçıvanda qanunvericiliyin tələblərini pozmuş 58 əcnəbi aşkarlanıb
Naxçıvan, 17 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
Muxtar respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 58 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.
Dövlət Miqrasiya Xidmətinə ötən ay, ümumilikdə, 468 müraciət daxil olub. Müraciətlərdən 102-si əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqəti olma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.
Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 366 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 88-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib. Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.