REGİONLAR
Naxçıvanda sosial qayğıya ehtiyacı olan 492 uşağa qış geyimləri verilib
Naxçıvan, 16 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 24, sağlamlıq imkanları məhdud 295, aztəminatlı ailələrin övladlarından isə 173 nəfər olmaqla, ümumilikdə, 492 məktəbliyə qış geyimi verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan şəhərində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər. Bildirilib ki, muxtar respublikada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də aztəminatlı və sağlamlıq imkanları məhdud uşaqlar xüsusi qayğı ilə əhatə olunur, onların zəruri ehtiyacları üçün lazımi kömək göstərilir.
Diqqətə çatdırılıb ki, sosial qayğıya ehtiyacı olan uşaqların qış geyimləri ilə təmin edilməsi də bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısının bariz ifadəsidir.
Sonra aztəminatlı ailələrdən olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəb yaşlı uşaqlara, sağlamlıq imkanları məhdud şagirdlərə qış geyimləri təqdim olunub.
Qeyd edək ki, muxtar respublikanın rayonlarında da aidiyyəti təşkilatların və rayon icra hakimiyyətlərinin nümayəndələri tərəfindən sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyimləri verilib. Bununla əlaqədar tədbirlər keçirilib.