REGİONLAR
Naxçıvanda yeni səhiyyə obyektlərinin tikilərək istifadəyə verilməsi tibbi xidmətin keyfiyyətini yüksəldib
Naxçıvan, 29 oktyabr, AZƏRTAC
Muxtar respublikada əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, quruculuq işləri aparılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, modul tipli xəstəxananın, Şərur və Şahbuz Rayon Gigiyena və Epidemiologiya şöbələrinin, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində həkim ambulatoriyası binalarının, Babək rayonunun Araz kəndində feldşer-mama məntəqəsinin tikintisi, Ordubad Rayon Uşaq Xəstəxanası binasının yenidən qurulması başa çatdırılıb.
Dezinfeksiya tədbirlərinin daha keyfiyyətlə aparılması məqsədilə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə və onun rayon şöbələrinə, ümumilikdə, 9 avtomobil verilib.
Şərur rayonunun Çərçiboğan, Ordubad rayonunun Dırnıs kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin binasının yenidən qurulması davam etdirilir.
Muxtar respublikada əhaliyə göstərilən tibbi sığorta xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin inzibati binasının tikintisi aparılır.
Sosial layihələr çərçivəsində 2021-ci ilin yanvar-sentyabr aylarında yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 193 cərrahi əməliyyat aparılıb.