SİYASƏT
“Naxçıvandan başlanan milli qurtuluş” mövzusunda elmi-praktik konfrans keçirilmişdir
Naxçıvan, 11 iyun (AZƏRTAC, Rauf Əliyev). İyunun 11-də Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər təşkilatı Heydər Əliyev Muzeyində “Naxçıvandan başlanan milli qurtuluş” mövzusunda elmi-praktik konfrans keçirmişdir.
AZƏRTAC xəbər verir ki, konfransı açan YAP Naxçıvan şəhər təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli 1993-cü ildə Azərbaycanın dərin siyasi böhranla üzləşdiyini, vətəndaş qarşıdurmasının yarandığını, ölkənin parçalanmağa, yox olmağa doğru üz tutduğunu bildirərək, respublikanı bu vəziyyətdən ümummilli lider Heydər Əliyevin xilas etdiyini demişdir. Vurğulamışdır ki, 1993-cü il iyunun 15-də Ulu Öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın qurtuluş tarixinin başlanğıcı hesab edilir.
YAP-ın Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsindəki ilk təşkilatının sədri Fazil İbrahimovun “Naxçıvandan başlanan qurtuluş yolu” mövzusunda məruzəsi dinlənilmişdir.
Bildirmişdir ki, 1990-cı il iyulun 22-də ümummilli lider Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışı zamanı muxtar respublikanın müxtəlif yerlərindən gəlmiş 80 min insanın Naxçıvan şəhərinin baş meydanında onu yüksək coşqunluqla qarşılaması, əhalinin dahi siyasi xadimə xilaskar kimi baxmasından irəli gəlirdi. Həmin ildən etibarən Naxçıvandan başlanan dövlət quruculuğu prosesi, qədim diyarda atılan tarixi addımlar, qəbul edilən qərarlar həm muxtar respublikanın taleyində, həm də bütövlükdə Azərbaycanın gələcək inkişafı üçün xüsusi rol oynayırdı.
Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyulmuş, həmin gün müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Ümummilli Liderin siyasi dühası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas olmuşdur. Ölkəmiz yalnız Ulu Öndərin qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirə bilmiş, inkişaf etmiş, güclənmişdir.
YAP Naxçıvan şəhər təşkilatı şurasının üzvü Əşrəf Nəcəfovun “Xalqın böyük xilaskarı” mövzusunda məruzəsində vurğulanmışdır ki, tarixdə iz qoymuş böyük şəxsiyyətlər həmişə dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarını formalaşdıraraq optimal dövlət modeli yaratmağa çalışmışlar. Azərbaycan Respublikasının milli inkişaf modelinin banisi olan ulu öndər Heydər Əliyev də təkamülə əsaslanan demokratik tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə yanaşı, müstəqil dövlətimizin ideoloji-siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi-praktik prinsiplər əsasında müəyyənləşdirmişdir. Ümummilli Lider tərəfindən yaradılan müstəqil respublikamız bu gün Cənubi Qafqazın ən qüdrətli dövlətinə çevrilmişdir.
YAP Naxçıvan şəhər təşkilatının sədr müavini, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” mövzusunda çıxışında qeyd etmişdir ki, müstəqil Azərbaycanda qazanılan hər bir nailiyyət Ümummilli Liderimizin müəyyənləşdirdiyi siyasi xəttin bəhrəsidir. 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siya¬¬si xətt ölkəmizin siyasi və iqtisadi gücünü daha da artırmışdır.
“Ümummilli liderimiz Heydər Əliyevin qurduğu müstəqil, qüdrətli Azərbaycan Respublikası xarici siyasət prioritetlərini uğurla həyata keçirir, dövlətimizin beynəlxalq aləmdəki mövqeləri gündən-günə güclənir”,- deyən YAP Naxçıvan şəhər təşkilatının Heydər Əliyev Gənclər Birliyinin sədri Cəbi Quliyev 155 dövlətin dəstəyi ilə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi hadisəsini xatırladaraq qeyd etmişdir ki, bu, Azərbaycanın dünyada qazandığı böyük nüfuzu ilə bağlıdır.
Sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən filmə baxmışlar.
Elmi-praktik konfransa YAP Naxçıvan şəhər təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli yekun vurmuşdur.