REGİONLAR
Naxçıvanın Türkiyə ilə “Sərhədyanı ticarət” imkanları müzakirə olunub
Naxçıvan, 19 mart, AZƏRTAC
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü, ölkəmizin Türkiyədəki Ticarət Nümayəndəliyinin əlaqələndirilməsi ilə “Sərhəd ticarəti” mexanizmi mövzusunda onlayn formatda görüş keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumlarının rəhbərlərinin və əməkdaşlarının iştirak etdiyi görüşdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının Türkiyə Respublikasına sərhəd ticarəti çərçivəsində ixracı imkanları müzakirə edilib.
Görüşdə Türkiyə Respublikası Ticarət Nazirliyinin İxrac üzrə baş idarəsinin direktoru Ali Kılıçkaya, Azərbaycan Respublikasının Türkiyə Respublikasında Ticarət nümayəndəsi Tamerlan Tağıyev və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılmasında sərhədyanı ticarətin yarada biləcəyi imkanlar və digər önəmli məsələlər ətrafında çıxış ediblər. Çıxışlarda bundan sonra da sərhədyanı ticarətlə bağlı müzakirələrin davam ediləcəyi və istehsal olunan məhsulların qardaş ölkədə tanıdılması məqsədilə konkret addımların atılmasının vacibliyi vurğulanıb.
Görüşdə Türkiyə Respublikası Ticarət Nazirliyinin İxrac üzrə baş idarəsinin nümayəndəsi sərhədyanı ticarətlə bağlı geniş təqdimatla çıxış edib və çoxsaylı sualları cavablandırıb.