Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir

Bakı, 12 iyul (AZƏRTAC). Nazirlər Kabineti iyul ayında yeni qərarlar qəbul etmişdir.

“Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 aprel tarixli Sərəncamının 2-ci hissəsinə əsasən Nazirlər Kabineti özünün “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” 2010-cu il 27 sentyabr tarixli qərarında dəyişiklik edilməsi haqqında qərar qəbul etmişdir.

Qərar mayın 1-dən qüvvəyə minmişdir.

“Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli Fərmanının 1.4-cü bəndinə əsasən Nazirlər Kabineti özünün 2003-cü il 31 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.

“Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli Sərəncamının 14.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.

Hər iki qərar iyulun 5-dən qüvvəyə minmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin dördüncü abzasına əsasən və İqtisadi İnkişaf, Maliyyə, Kənd Təsərrüfatı və Fövqəladə Hallar nazirliklərinin rəylərini nəzərə alaraq Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına əlavələr edilməsi barədə” özünün 2010-cu il 3 dekabr tarixli qərarında dəyişiklik edilməsi haqqında qərar qəbul etmişdir.

Qərar iyulun 8-dən qüvvəyə minmişdir.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 dekabr tarixli Fərmanının 2.1-ci bəndinə əsasən Nazirlər Kabineti “Azərbaycan Respublikasının yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında” qərar qəbul etmişdir.

Qərar iyulun 11-dən qüvvəyə minmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az  ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin