SİYASƏT
NDU-da Heydər Əliyev Universitetinin “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda 183-cü məşğələsi keçirilmişdir
Naxçıvan, 26 may (AZƏRTAC). Naxçıvan Dövlət Universitetində (NDU) 28 May - Respublika Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Universitetinin “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda 183-cü məşğələsi keçirilmişdir.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, məşğələni giriş sözü ilə açan universitetin rektoru, Əməkdar Elm Xadimi, professor Saleh Məhərrəmov müstəqil Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna nəzər salmış, dövlət müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyətindən ətraflı söhbət açmışdır. Rektor diqqətə çatdırmışdır ki, 96 il öncə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət məhz Azərbaycanda qurulmuşdur.
Qeyd edilmişdir ki, bu gün beynəlxalq aləmdə nüfuzu gündən-günə artan müstəqil Azərbaycan Respublikası əldə etdiyi sosial-iqtisadi uğurlarla nəinki bölgənin, hətta dünyanın sayılıb seçilən dövlətlərindən birinə çevrilmişdir. Onun özünəməxsus sosial-iqtisadi inkişaf modeli bir sıra ölkələr tərəfindən nümunə kimi qəbul olunmaqdadır. Azərbaycanın bütün sahələrdə uğurlu inkişafından söz açan rektor, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş məqsədyönlü sosial-iqtisadi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam еtdirildiyini, dövlətimizin başçısının diqqət və qayğısını əsirgəmədiyi Naxçıvan Muxtar Respublikasının da Ümummilli Liderin göstərdiyi yolla daim inamla irəlilədiyini bildirmişdir.
Məşğələdə “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda məruzə ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra xalqımız müstəqilliyin ilk illərində üzləşdiyi təhlükələrdən xilas olmuş, bütün sahələrdə islahatlara başlanılmışdır. Məruzəçi Azərbaycandakı yüksək inkişaf tempini faktlarla məşğələ iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə bildirilmişdir ki, Azərbaycan dövlətçiliyinin inkişafında misilsiz tarixi xidmətləri olan, milli dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin zəngin və həmişəyaşar irsinin sistemli şəkildə araşdırılması, elmi əsaslarla öyrənilməsi və təbliği günümüzün ən vacib məsələlərindən biridir. Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi müstəqil respublikamızın gələcək inkişafının qarantıdır.