REGİONLAR
Neftçalada istehsal olunmuş ümumi məhsulun həcmi 8,2 faiz artıb
Neftçala, 10 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında Neftçala rayonunun iqtisadiyyatında istehsal olunmuş ümumi məhsulun həcmində artım qeydə alınıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, cari ilin 9 ayında istehsal olunmuş ümumi məhsulun həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq 253056,6 min manata çatıb. İstehsal sahələrinin ümumi məhsulda xüsusi çəkisi 71,8 faiz, xidmət sahələrinin payı isə 28,2 faiz səviyyəsində olub. 2020-ci ilin eyni dövrü ilə müqayisədə istehsal sahəsində 3,6 faiz, xidmət sahəsində isə 21,9 faiz artım qeydə alınıb.
Ümumi məhsulun 62106,2 min manatı və ya 24,5 faizi sənaye sahəsində, 113899,8 min manatı və ya 45,0 faizi kənd təsərrüfatında, 5672,0 min manatı və ya 2,2 faizi tikintidə, 979,1 min manatı və ya 0,4 faizi nəqliyyat və anbar təsərrüfatında, 923,1 min manatı və ya 0,4 faizi informasiya və rabitədə, 69476,4 min manatı və ya 27,5 faizi ticarət sahəsində olub.