İDMAN
“Neftçi” liderliyini əldən verib
Bakı, 14 aprel, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub. AZƏRTAC xəbər verir ki, “ASCO Arena”da reallaşan həftənin son oyununda “Səbail” klubu çempionluğa iddialı “Neftçi”ni qəbul edib.
Görüş 2:2 hesabı ilə başa çatıb.
Hesabı 50-ci dəqiqədə qonaqlar açıb. “Neftçi”nin heyətində Mirabdulla Abbasov fərqlənib - 0:1. Fasilədən sonra meydan sahiblərinin baş məşqçisi Aftandil Hacıyevin əvəzetməsi uğurlu olub. Fəhmin Muradbəylinin yerinə meydana girən Ədilxan Qarəhmədov 81-ci dəqiqədə bərabərlik topunu vurub - 1:1. Vurulan qoldan 4 dəqiqə sonra isə Ağabala Ramazanov meydan sahiblərini önə çıxardıb - 2:1. Buda oyunda son qol olmayıb. Belə ki, 90-cı dəqiqədə Mamamdu Mboc bərabərlik qolunu vurub - 2:2.
Final fitindən sonra hakimə iradını bildirən “Səbail”in qapıçısı Aleksandr Rıbka qırmızı vərəqə alıb.
Bu heç-heçədən sonra xalını 35-ə çatdıran “Səbail” elə 3-cü pillədə qərarlaşıb. Çempionluq yolunda ciddi xal itkisi ilə üzləşən “Neftçi” isə 52 xalla 2-cidir.
Lider “Qarabağ” 54 xala malikdir.
Qeyd edək ki, ilk oyun günündə “Qarabağ” “Sabah”ı 3, “Zirə” isə “Sumqayıt”ı 2 cavabsız qolla məğlub edib. Bu gün keçirilən “Keşlə” - “Qəbələ” görüşündə qonaqlar qələbə qazanıb - 2:1.