SİYASƏT
Nikolay Pastkeviç: Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşasa da çox sürətlə inkişaf etmişdir
Naxçıvan, 1 iyul (AZƏRTAC, Rauf Əliyev). Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşasa da çox sürətlə inkişaf etmişdir. Burada müasir tələblərə cavab verən yeni sənaye müəssisələri yaradılmışdır. Bu gün Naxçıvan öz inkişaf parametrlərinə görə Azərbaycanın ən öndə gedən bölgələrindən biridir. Əldə edilən bütün bu nailiyyətlərə görə naxçıvanlıları təbrik edirəm və inanıram ki, onlar bu inkişaf tempini daim qoruyub saxlaya biləcəklər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç Naxçıvan Muxtar Respublikasında səfərdə olarkən jurnalistlərə açıqlamasında bildirmişdir.
Ölkəsinin avtomobil, həmçinin müxtəlif növ kənd təsərrüfatı texnikalarının istehsalında qabaqcıl təcrübəyə malik olduğunu qeyd edən səfir bu sahədə Naxçıvan Muxtar Respublikasında da mühüm irəliləyişlərin əldə edildiyini vurğulayaraq demişdir: “Mən Naxçıvan Avtomobil Zavodunda da oldum, burada müasir, gözəl və rahat avtomobillərin istehsal olunduğunu gördüm. İnanıram ki, bu avtomobillər çox qısa zamanda xarici bazarda da öz sözünü deyəcəkdir”.
Nikolay Pastkeviç onu da əlavə etmişdir ki, Belarus Respublikasının qəhrəman Brest şəhəri ilə Naxçıvan şəhəri arasında əlaqələr genişlənir. O xatırlatmışdır ki, 2012-ci ildə Naxçıvan və Brest şəhərləri arasında iqtisadi-ticarət və humanitar-mədəni sahələrdə əməkdaşlıq haqqında saziş imzalanmış, bu iki şəhər qardaş şəhərlər elan olunmuşdur.
Diplomat xüsusi vurğulamışdır ki, Naxçıvan və Brest şəhərləri arasında əlaqələrin genişləndirilməsi Azərbaycan ilə Belarus arasında dostluq əlaqələrinin inkişafının ən bariz nümunəsidir.