ELM VƏ TƏHSİL
“Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” mövzusunda beynəlxalq konfransın materialları nəşr olunub
Bakı, 18 dekabr, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistanın Azərbaycandakı səfirliyi tərəfindən “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” mövzusunda beynəlxalq onlayn konfransın materialları nəşr olunub.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, Nizami Gəncəvi dünyada ilk “Xəmsə” yaratmış qüdrətli sənətkardır və onun “Xəmsə”sinin Şərq dünyasına böyük təsiri olub. Nizami ortaq mədəniyyətimizin zirvələrində dayanır və onun görkəmli ardıcıllarından biri də Əlişir Nəvaidir. Əlişir Nəvai türk dilində “Xəmsə” yaratmaqla bütün türk dünyasına böyük xidmət göstərib, türk dilinin “Xəmsə” yaratmaq qüdrətinə malik olduğunu sübut edib.
İki ölkə arasında elmi əlaqələrin müasir inkişaf yolundan yazan akademik İsa Həbibbəyli qeyd edib ki, Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Binnətovanın “Əlişir Nəvainin əsri və nəsri” kitabı çap olunub.
Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov hər iki şairin türk dünyasında önəmli mövqe tutduğunu bildirib. O, Bakıda Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin heykəllərinin ucaldılmasını birlik və qardaşlığa ərməğan adlandırıb.
Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, toplayıb nəşrə hazırlayanı isə filologiya elmlər doktoru Almaz Binnətovadır.
Nəşrdə Azərbaycan və Özbəkistan alimlərinin Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı haqqında məruzələri yer alıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub, həmçinin Özbəkistan Respublikası Prezidenti Əlişir Nəvainin anadan olmasının 580 illiyinin keçirilməsinə dair Fərman imzalayıb. Bu yubileylərlə bağlı ortaq tədbirlər il ərzində davam edib.