SİYASƏT
Nizami rayonunda 28 May - Respublika Günü münasibətilə tədbir keçirilmişdir
Bakı, 26 may (AZƏRTAC, Nihat Budaqov). Mayın 26-da Nizami Rayon İcra Hakimiyyətində Respublika Günü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən və XX əsrin axırlarında keçmiş SSRİ-nin süqutundan sonra ölkəmizin öz dövlət müstəqilliyini bərpa etməsindən danışmışdır. Vurğulanmışdır ki, müstəqilliyimizin əbədi və dönməz xarakter alması ulu öndər Heydər ƏIiyevin əvəzsiz xidmətidir. Bərpa edilən dövlət müstəqilliyimiz 96 il əvvəl qoyulmuş təməl üzərində təşəkkül tapmışdır.
Tədbirdə Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə “Müsəlman Şərqinin ilk cümhuriyyəti” mövzusunda məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulmuşdur. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC çox şərəfli və mürəkkəb bir yol keçmişdir. Tez süqut etsə də, onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar olmuşdur.
Vurğulanmışdır ki, bu gün Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən dinamik sosial-iqtisadi inkişaf əsası 96 il əvvəl qoyulmuş dövlət müstəqilliyinin bəhrəsidir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf strategiyası Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsinə, dövlətimizin qüdrətinin artırılmasına xidmət edir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov tədbirdə çıxış edərək bildirmişdir ki, hər bir səhifəsi biz azərbaycanlılar üçün müqəddəs və doğma olan Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülü XIX əsrin sonu XX əsrin əvvəllərində ölkəmizdə mövcud olmuş ictimai-siyasi, ədəbi, fəlsəfi fikrin məntiqi nəticəsi, tarixi zərurət idi. Həmin dövrdə Azərbaycanda geniş vüsət almış milli-demokratik hərəkatın başında duran insanların hər birinin adı Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti az bir vaxtda parlamenti, hökuməti, ordusu, gömrük və hüquq mühafizə orqanları olan, dövlət rəmzlərinə malik, vətəndaş hüquqlarını hər şeydən uca tutan demokratik, dünyəvi və unitar dövlətə çevrilmişdir.
Vurğulanmışdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir və inkişaf etdirir. Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrini gördükcə tam əsasla demək olar ki, Azərbaycanın müstəqilliyi dönməz və əbədidir.
Tədbirdə rayonun sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında və digər sahələrdə yüksək nailiyyətlər qazanmış şəxslər Nizami Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunmuşlar.
Həmçinin Azərbaycan dövlətinin xilaskarı və banisi, ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbirlərdə və Bakı şəhərinin rayonları arasında keçirilən Gül bayramı müsabiqəsində fərqlənən müəllim və şagirdlər mükafatlandırılmışlar.
Tədbirdə “Şahin” hərbi idman oyunlarının respublika yarışında ikinci yerə layiq görülmüş rayondakı 220 nömrəli məktəb-liseyin komandasının üzvlərinə və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr edilmiş intellektual yarışmanın qaliblərinə qiymətli hədiyyələr təqdim olunmuşdur.