MƏDƏNİYYƏT
“Nizamidə Vətən anlayışı” mövzusunda təlim-seminar
Bakı, 16 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) “Auditoriya+” layihəsi çərçivəsində “Nizamidə Vətən anlayışı” adlı təlim-seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin rəhbəri Şükufə Atakişiyeva layihə haqqında məlumat verib. Bildirib ki, layihənin həyata keçirilməsindən əsas məqsəd, görkəmli şəxsiyyətləri təbliğ etmək, gənclərdə ədəbiyyat marağın artırılması ilə yanaşı, ölkəmizin digər elm-təhsil müəssisələrində çalışan mütəxəssisləri, ədəbiyyat, incəsənət xadimlərini universitetə cəlb etmək, yeni əlaqələr qurmaq, fikir mübadiləsi aparmaqdır.
Tədbirdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Nizamişünaslıq” şöbəsinin böyük elmi işçisi Təhminə Bədəlovanın “Nizamidə vətən anlayışı” mövzusunda məruzəsi dinlənilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika kafedrasının dosenti Cəfər Heydərin “N.Gəncəvinin əsərlərində Vətənə, xalqa məhəbbət, həmçinin humanizm və multikultural dəyərlər” mövzusunda məruzəsi dinlənilib.
BSU-nun dosentləri Aytəkin Axundova, Hafiz Əliyev dahi şair, bəşəri duyğular sahibi Nizami Gəncəvinin gənc nəslə tanıdılmasında layihənin böyük əhəmiyyəti olduğunu söyləyiblər.
Tələbələrin ifasında dahi şairin əsərlərindən parçalar səsləndirilib.