CƏMİYYƏT
Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub
Bakı, 18 mart, AZƏRTAC
Nobel sülh mükafatı laureatı, professor Məhəmməd Yunusla Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Bakı ofisində Himayəçilik şurasının üzvlərinin iştirakı ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə BAMF prezidenti Umud Mirzəyev fondun fəaliyyəti, çoxillik missiyası, Qarabağda olan mina problemi, yenidənqurma işləri və Qarabağ münaqişəsindən sonra Azərbaycanda baş verən mühüm dəyişikliklərdən söz açıb.
Daha sonra Məhəmməd Yunusun təşəbbüsü ilə yaradılan “3 sıfır” klublarının Azərbaycanda fəaliyyətinin genişlənməsi, yeni klubların yaradılması, Qarabağ gənclərinin bu klublara cəlb olunması və bu il ölkəmizdə “3 sıfır” klublarının regional görüşünün keçirilməsi məsələsi müzakirə olunub. Həmçinin Umud Mirzəyev tərəfindən təklif olunan yeni yaradılacaq Qarabağ Universitetində “Yunus Sosial Biznes Mərkəzi”nin açılması ideyası da Məhəmməd Yunus tərəfindən bəyənilib və dəstəklənib. Görüş zamanı COP29 çərçivəsində əməkdaşlıq perspektivləri və ortaq fəaliyyətlər barəsində də danışıqlar aparılıb.
Görüşdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Himayəçilik şurasının üzvləri ilə tanışlıq olub. Şuranın sədri Çingiz Abdullayev ingilis dilinə tərcümə olunmuş üç kitabını, Umud Mirzəyev isə Qarabağ mədəniyyətini və adət-ənənəsini əks etdirən xatirə hədiyyələrini Məhəmməd Yunusa təqdim edib.
Sonda xatirə şəkilləri çəkdirilib.
***
BAMF-ın baş ofisində keçirilən görüşdən sonra Azərbaycan İqtisad Universitetinin (UNEC) əsas - İçərişəhər korpusunda BAMF, Yunus Sosial Biznes Mərkəzi və UNEC arasında bağlanan üçtərəfli müqavilə əsasında 2016-cı ildə yaradılan “Yunus Sosial Biznes Mərkəzi”nin yeni ofisinin açılışı olub. Açılış mərasimində professor Məhəmməd Yunus, AMEA-nın prezidenti İsa Həbibbəyli, UNEC-in rektoru Ədalət Muradov, BAMF-ın Himayəçilik şurasının sədri Çingiz Abdullayev və BAMF-ın prezidenti Umud Mirzəyev mərkəzin qırmızı lentini kəsiblər. BAMF və UNEC rəhbərliyinin, müəllim-tələbə heyətinin və digər qonaqların iştirak etdiyi açılışda professor Məhəmməd Yunus tərəfindən yeni açılan Sosial Biznes Mərkəzin ilk mühazirəsi səsləndirilib.
Daha sonra BAMF-ın müşayiəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Məhəmməd Yunusu AMEA-nın rəyasət heyətinin yerləşdiyi İsmailiyyə binası və akademiyanın fəaliyyəti ilə tanış edib. Gəzinti zamanı İsa Həbibbəyli dəyərli qonağa sarayın qədim tarixi haqqında məlumat verib və ölkəmizin milli dəyərləri əks olunan hədiyyələr təqdim edib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə XI Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfər edən Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus ilk dəfə olaraq 2016-cı ildə BAMF-ın dəvəti ilə ölkəmizdə olub.
Professor Məhəmməd Yunus 20 fərqli ölkədən olan universitetlərdə 55 fəxri dərəcəyə, həmçinin 26 ölkənin 112 mükafatına, o cümlədən 10 ölkənin dövlət mükafatına layiq görülüb. O, ABŞ Prezidentinin Azadlıq medalını və ABŞ Konqresinin qızıl medalını almış yeddi şəxsdən biridir. Onun adı “Son 25 ilin ən nüfuzlu biznes adamları”, “Dövrümüzün 12 dahi sahibkarları”, “Top 100 intellektual şəxslər” kimi önəmli siyahılarda da çəkilir.