SİYASƏT
NORVEÇ ŞAHZADƏSİ BU ÖLKƏDƏKİ AZƏRBAYCANLILARIN TƏDBİRİNƏ QATILACAĞINA SÖZ VERMİŞDİR
Bakı, 3 sentyabr (AZƏRTAC). Gələn ilin fevralında Norveçin paytaxtı Oslo şəhəri dünya xizək yarışmasına ev sahibliyi edəcəkdir.
Bu, çempionatda iştirak edəcək ölkələrin və iştirakçıların sayına görə Oslonun müasir tarixində ev sahibliyi etdiyi ən böyük idman yarışması olacaqdır. Məhz bu səbəbdən təşkilat komitəsi Norveç şahzadəsi Prins Hakon, Oslo şəhərinin meri Fabian Stang və Oslonun tanınmış şirkət və təşkilatlarının rəhbərləri ilə görüşmüş, məsləhətləşmələr aparmış, onların təkliflərini dinləmişdir.
Görüşdə Norveçdə yaşayan Azərbaycan icmasını Norveç Azərbaycan Gənclər Təşkilatının (NAGT) sədri Ramil Əliyev təmsil etmişdir.
Tədbir çərçivəsində Norveç şahzadəsi Prins Hakonla söhbət edən R.Əliyev ona bu ölkədə yaşayan Azərbaycan icması və NAGT-nin gördüyü işlər barədə məlumat vermişdir. Şahzadə Prins Hakon Norveçdə yaşayan soydaşlarımızın Norveçin ən fəal icmalarından biri olmasından məmnunluğunu ifadə etmiş, gələcəkdə NAGT-nin tədbirlərinin birində iştirak edəcəyini demişdir.
Oslonun meri Fabian Stang isə 28 May - Respublika Günü münasibətilə NAGT-nin üzvləri ilə görüşünü xatırlatmış və bu rəsmi qəbuldan məmnun qaldığını söyləmişdir. Fabian Stang gələcəkdə Oslo meriyası və NAGT arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.