İQTİSADİYYAT
Ölkəmizdə istehsal müəssisələrinin fəaliyyəti təşviq edilir
Bakı, 2 may, AZƏRTAC
Vergi Məcəlləsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən hüquqi şəxslərin həmin fəaliyyətdən əldə olunan mənfəətin 50 faizi bu ildən etibarən 7 il müddətinə mənfəət vergisindən azad edilib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən yeniliyin əhəmiyyətini iqtisadçı-eksperti Radil Fətullayev şərh edib.
Onun sözlərinə görə, hər bir ölkədə yürüdülən iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri məhsul istehsal edən yerli hüquqi şəxslərə, müəssisələrə dəstək göstərməkdir. Bunun əsas məqsədi yerli şirkətlərin xarici şirkətlər qarşısında rəqabət qabiliyyətlərini qoruyub saxlamasına kömək etməkdir: “Adətən, milli istehsalı olan şirkətlər yeni fəaliyyətə başlayan zaman xarici şirkətlər ilə rəqabətə girməli olurlar. Əgər ölkə daxilində istehsalla məşğul olan yerli şirkətlərə dəstək göstərilməsə, onlar bazarda xarici şirkətlərə uduza bilərlər. Bunun qarşısını almaq üçün ölkəmizdə də vergi təşviqinin aparılması mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri məhz istehsalla məşğul olan yerli şirkətlərin mənfəət vergisindən azad edilməsidir. Məcəllənin 106.1.31-ci maddəsinə əsasən, qida məhsullarını istehsal edən yerli şirkətlər üçün müəyyən vergi təşviqi nəzərdə tutulub. Bu dəyişiklik aqrar sahədə məhsul istehsal edən müəssisələrə də aiddir. Onlar idxalı əvəz edən məhsul istehsal edərlərsə, bu güzəştdən yararlana biləcəklər”.
Ekspert, həmçinin nəzərə çatdırıb ki, burada güzəşt təkcə mənfəət vergisindən azad olmaqla bitmir. Eyni zamanda, idxalı əvəz edən məhsul istehsalı üçün istifadə olunan əmlaklar, onların dəyəri də, Vergi Məcəlləsinin 199.17-ci maddəsinə əsasən, əmlak vergisindən azad olunub. Bundan əlavə, həmin fəaliyyət üçün istifadə olunan torpaq sahəsi də Məcəllənin 207.10-cu maddəsi ilə torpaq vergisindən azad edilib. 2030-cu ilə qədər davam edəcək bu güzəştləri aqrar emal fəaliyyəti ilə məşğul olan müəssisələrə çox mühüm vergi təşviqi hesab etmək olar.