QAN YADDAŞI
OMBUDSMAN 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR BƏYANAT YAYMIŞDIR
Bakı, 29 mart (AZƏRTAC). Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanat yaymışdır.
Bəyanatda iki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı hərbi, siyasi, ideoloji təcavüzü, soyqırımı və etnik təmizləmə siyasətini ifşa edən faktlar əksini tapmışdır.
Qeyd edilmişdir ki, ermənilərin azərbaycanlılara qarşı genetik nifrəti özünü tarixin bütün dövrlərində büruzə vermişdir. Qan yaddaşının təməlinə şovinizm hakim olan ermənilərin törətdiyi qanlı faciələrin daha dəhşətlisi 1918-ci il martın 31-də azərbaycanlılara qarşı soyqırımı hadisələridir. Həmin hadisələr zamanı təkcə Bakıda 17 min azərbaycanlı, o cümlədən qocalar, qadınlar və uşaqlar amansızcasına qətlə yetirilmiş, tarixi abidələr məhv edilmişdir. Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də bu cür qanlı faciələr törədilmiş, yüzlərlə yaşayış məntəqəsi xarabalığa çevrilmişdir.
BMT-nin baş katibinə və təşkilatın digər rəhbər şəxslərinə, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirliklərinə və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanmış bəyanatda ombudsman nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq mövqeyini dəstəkləməyə çağırmışdır.