RƏSMİ XRONİKA
ONUNCU ƏNƏNƏVİ BEYNƏLXALQ “ŞƏRQ-QƏRB” BAKI KİNOFESTİVALINA
Sizi - Onuncu Ənənəvi Beynəlxalq “Şərq-Qərb” Bakı Kinofestivalının iştirakçılarını ürəkdən salamlayıram, hər birinizə cansağlığı, xoşbəxtlik və festivalınızın işində müvəffəqiyyətlər arzu edirəm.
Sürətlə qloballaşan və yeni texnologiyalarla zənginləşən müasir dünyada digər sənət növlərindən fərqli olaraq kino innovasiyalarla ayaqlaşan yaradıcılıq sahəsidir. Ona xas olan ənənəvi kütləvilik bu gün elektron məkanda da tolerantlıq, qarşılıqlı anlaşma və sivilizasiyaların dinc yanaşı yaşama prinsiplərini geniş yaymaq imkanı verir. Məhz bu baxımdan kinematoqrafiya nəhəng auditoriyaya misilsiz təsiredici qüvvəsi ilə səciyyələnir.
Bir əsrdən artıq özünəməxsus parlaq yol keçmiş və nəzərəçarpacaq nailiyyətlər qazanmış Azərbaycan kino sənətinin inkişafı tarixində sizin kinofestivalın xüsusi yeri vardır. Bu gün artıq on illik yubileyi qeyd edilən Beynəlxalq “Şərq-Qərb” Bakı Kinofestivalı Azərbaycan kinematoqrafının sadiq qaldığı ümumbəşəri dəyərlərin təbliği naminə müxtəlif ölkələrin kino işçilərinə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradır.
Dünyanın bir çox ölkəsindən gəlmiş kino xadimlərinin təmsil olunduğu kinoforum ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Bu dostluq və sənət bayramı incəsənətimizin zəngin ənənələrinin qorunub saxlanması ilə yanaşı, mədəniyyətlər arasında dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.
İnanıram ki, nüfuzu ildən-ilə artmaqda olan kinofestivalınız müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsi işinə xidmət edəcək, dünya kinematoqrafiyasının aparıcı meyilləri istiqamətində əməkdaşlığı, təcrübə mübadiləsini genişləndirəcək və milli kinomuzun bundan sonrakı inkişafına müsbət təsir göstərəcəkdir.
Dərin hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 iyun 2008-ci il.