DÜNYA
Ötən il ABŞ aeroportlarında 6,5 min ədəd silah müsadirə olunub
Bakı, 20 fevral, AZƏRTAC
ABŞ Nəqliyyat Təhlükəsizliyi İdarəsi (TSA) ötən il ABŞ hava limanlarının nəzarət-buraxılış məntəqələrində rekord həddə - 6500 ədəd silah müsadirə edib.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, hər gün hava limanlarında yoxlamalar zamanı 18 ədəd odlu silah aşkarlanır. Ən çox silah Texas və Florida ştatlarının aeroportlarında müsadirə olunur. Hava limanına qanunsuz silah aparmağa görə maksimum cərimənin miqdarı təxminən 15 min dollardır.
ABŞ Prezidenti Co Bayden ölkədə odlu silahlarla törədilən zorakılığı “epidemiya” adlandırıb. Onun sözlərinə görə, bu ilin 48 günü ərzində Birləşmiş Ştatlarda azı 73 kütləvi atışma hadisəsi qeydə alınıb.
2022-ci ildə ABŞ-da baş verən atışmalar 1,6 minə yaxını uşaq olmaqla, 43,6 mindən çox insanın həyatına son qoyub. Həmçinin 37,9 mindən çox insan yaralanıb ki, onlardan da 4,4 mini uşaqlardır.