İQTİSADİYYAT
Ötən il “Neft Daşları” NQÇİ üzrə hasilat 1 milyon tona çatıb
Bakı, 5 yanvar, AZƏRTAC
2016-cı ilin son günlərində “Neft Daşları” neft və qazçıxarma idarəsi (NQÇİ) tarixi nailiyyətə imza atıb. Respublikamızın müstəqillik dövründə ilk dəfə olaraq NQÇİ üzrə illik hasilat 1 milyon tona çatdırılıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 1949-cu ildən işlənmədə olan “Neft Daşları” yatağında indiyədək qazılmış 2 min 211 quyudan 182 milyon 861 min ton neft, 14 milyard 92 milyon kubmetr qaz hasil olunub.
“Neft Daşları” NQÇİ-də hasilat 1967-ci ilə kimi artma tempi ilə davam edib, quyu fondu 700-ə, hasilat isə 7 milyon 600 min tona çatdırılıb. 1968-1990-cı illərdə hasilat aşağı düşərək 1990-cı ildə 963,3 min ton təşkil edib. NQÇİ-də hasilatın sabit saxlanılması və artırılması istiqamətində görülən tədbirlər, xüsusilə 2014-cü ildə qəbul edilmiş geniş tədbirlər proqramının icrası nəticəsində həmin il neft hasilatı 940 min tona, 2015-ci ildə isə 941 min tona çatdırılıb.
Son 3 ildə qazmadan 54 quyu alınıb, cari və əsaslı təmir işləri görülüb, 309 geoloji, 1584 texniki tədbir həyata keçirilib. Quyu fondu üzərində səmərəli iş aparılıb, yeni texnika və texnologiyalar tətbiq edilib, boş dayanmaların qarşısı alınıb, neftin maya dəyəri aşağı düşüb. Hasil olunan neftin əsas hissəsinin kompressor üsulu ilə çıxarıldığı nəzərə alınaraq, qazlift sisteminin etibarlılığını artırmaq məqsədilə xətlərdə donmaların və tutulmaların qarşısını almaq üçün 9 ədəd yüksəktəzyiqli seperator, alçaqtəzyiqli qaz xətlərinin üzərinə damcıtutanlar quraşdırılıb, 20 kilometrdən çox yüksəktəzyiqli qaz xətti təmir olunub və yenisi çəkilib, yığım-nəql sistemi təkmilləşdirilib, lay sularının tam həcmdə yığılaraq utilizasiya edilməsi üçün etibarlı ekoloji sistem yaradılıb. Böyük miqyasda əsaslı təmir işləri aparılıb, qısa müddət ərzində 2 ədəd yeni İriləşdirilmiş Seperasiya Qurğusu və 2a saylı İriləşdirilmiş Neftyığma Məntəqəsi tikilib. Bu sahədə işlər davam etdirilir.
Elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə yeni Qazturbinli Elektrik Stansiyası tikilərək istismara verilib. Əfsanəvi Neft Daşlarının əmək kollektivi 2017-ci ilə yeni əmək nailiyyəti ilə qədəm qoyub.