SİYASƏT
Özbəkistan portalları BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu haqqında yazır
Daşkənd, 28 aprel, AZƏRTAC
Özbəkistanın Podrobno.uz, 1news.uz, Ichildiz.uz portalları BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilmiş VII Qlobal Forumu haqqında rus dilində geniş materiallar yayıb.
Materiallarda Forumun açılışında dövlət və hökumət başçılarının, digər yüksək səviyyəli şəxslərin iştirak etdikləri, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirin, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia Marqallonun çıxış etdikləri bildirilir. Xəbər portalları dövlətimizin başçısının və digərlərinin çıxışlarından sitatlar gətiriblər.
Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı çıxışından sitat gətirən portallar yazır: “Nəinki Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağın ətrafında yerləşən digər yeddi rayonu da işğal altındadır. İşğal nəticəsində bizim bir milyondan artıq qaçqın və məcburi köçkünümüz yaranıb. Ermənistan bizə qarşı etnik təmizləmə aparmışdır və ərazimizin 20 faizi 20 ildən artıqdır ki, işğal altındadır. İşğal edilmiş ərazilərimizdə hər şey dağıdılmışdır. ATƏT oraya iki dəfə faktaraşdırıcı missiya göndərmişdir və onlar dəhşətli hesabatlar təqdim etmişlər. Bütün tikililərimiz, tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız dağıdılmış vəziyyətdədir. Burada, Bakının mərkəzində, siz erməni xalqının dini mirasının tərəfimizdən necə qorunduğunun şahidi ola bilərsiniz. Erməni kilsəsi bərpa edilmiş və ilk gündən inşa edildiyi yerdə yerləşir. Lakin işğal edilmiş torpaqlarda bizim bütün məscidlərimiz viran edilmişdir”.
Forumda BMT-nin baş katibi Pan Gi Munun iştirakçılara videomüraciət etdiyi də bildirilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd