DÜNYA
Özbəkistanda “Bir milyon ağac” ekoloji aksiyası keçirilir
Daşkənd, 24 oktyabr, АZƏRTAC
Özbəkistandakı “Yüksəliş” Hərəkatının təşəbbüsü ilə “Bir milyon ağac” ekoloji aksiyası keçirilir.
AZƏRTAC xəbər verir ki, aksiyanı Birləşmiş Millətlər Təşkilatının Özbəkistandakı nümayəndəliyi və digər beynəlxalq təşkilatlar dəstəkləyib.
Aksiya bu gün Qaraqalpaqstan Respublikasından - Özbəkistan Prezidenti yanında Aralyanı Beynəlxalq İnnovasiya Mərkəzinin həyətində 100 ardıc ağacı əkilməklə başlayıb.
Sonra aksiya Sırdərya, Kaşqadərya və Surxandərya vilayətlərində yaşıllığı və suyu az olan ərazilərdə və digər vilayətlərdə davam etdiriləcək.
Ekomarafonun keçirilməsində məqsəd meşələrin ərazilərini artırmaq, iqlim dəyişikliyinin qarşısını almaq, ətraf mühiti sağlamlaşdırmaq, əhalinin diqqətini ətraf mühitin qorunması və saxlanmasına cəlb etməkdir.
Aksiyanın ildə iki dəfə keçirilməsi nəzərdə tutulur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd