SİYASƏT
Pakistanın “National Vision” jurnalında Azərbaycan səfirinin Xocalı soyqırımı ilə bağlı məqaləsi dərc olunmuşdur
İslamabad, 28 aprel (AZƏRTAC). Pakistanın “National Vision” jurnalının aprel nömrəsində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun “Xocalı soyqırımı. Dünya dövlətləri Pakistandan örnək götürməlidir” sərlövhəli məqaləsi dərc olunmuşdur.
Məqalədə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, 1988-ci ildən başlayaraq yüz minlərlə azərbaycanlının öz ata-baba yurdlarından didərgin salınması haqqında məlumat verilir. Bildirilir ki, müstəqilliyin ilk illərindən Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalmış, təcavüz nəticəsində Dağlıq Qarabağ və Azərbaycanın daha yeddi rayonu zəbt edilmiş, on minlərlə insan öldürülmüş, itkin düşmüş və yaralanmışdır.
Diqqətə çatdırılır ki, BMT Təhlükəsizlik Şurası və Baş Məclisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələr, Avropa Şurası, Avropa Parlamenti, NATO, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı qərar və müraciətlər qəbul etmişlər, ancaq Ermənistan bu sənədlərə məhəl qoymur.
Qeyd edilir ki, Xocalıda törədilmiş soyqırımı Dağlıq Qarabağ münaqişəsinin qara səhifələrindən biridir. Xocalı şəhəri 1991-ci ildən erməni silahlı birləşmələri tərəfindən mühasirədə saxlanılmış, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə tamamilə yerlə-yeksan edilmişdir. Həmin gecə qocalar, qadınlar, uşaqlar xüsusi qəddarlıqla öldürülmüş, minlərlə adam əsir götürülmüş, itkin düşmüş və yaralanmışdır.
Məqalədə Ermənistanın indiki prezidenti Serj Sarkisyan və terrorçu M.Melkonyanın mətbuatdakı müsahibə və məqalələrindən sitatlar gətirilir, bu kütləvi qırğının əvvəlcədən hazırlanmış və düşünülmüş soyqırımı olduğu diqqətə çatdırılır. Bildirilir ki, 2010-cu il aprelin 22-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Xocalıda törədilmiş qırğını hərbi cinayət və insanlığa qarşı cinayət adlandırmışdır.
Məqalədə 1948-ci ildə BMT Baş Məclisində qəbul olunmuş Soyqırımı cinayətlərinin qarşısının alınması və günahkarların cəzalandırılması haqqında Konvensiya barədə məlumat verilir, Xocalıda baş verənlərin məhz soyqırımı olduğu diqqətə çatdırılır.
Müəllif vurğulayır ki, Xocalıda törədilmiş soyqırımı Ermənistanın Azərbaycana qarşı yürütdüyü sistemli və davamlı zorakılığın tərkib hissəsidir.
Yazıda Xocalı haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması, bu soyqırımının tanınması istiqamətində Azərbaycanın apardığı mühüm kampaniya haqqında da məlumat verilir. Qeyd olunur ki, dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etmişlər.
Məqalədə Pakistan Senatının 2012-ci il fevralın 1-də Xocalı soyqırımını tanıdığı, bu faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyi vurğulanır.
Müəllif məqaləni bu sözlərlə bitirir: “Biz bu addıma görə Pakistan hökumətinə və xalqına minnətdarlığımızı bildiririk, bu məsələdə dünya ölkələrini Pakistandan örnək götürməyə çağırırıq”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad