ELM VƏ TƏHSİL
Paleontoloqlar: Qədim balinalarda eyni vaxtda həm diş, həm də bığ olub
Bakı, 25 may, AZƏRTAC
Paleontoloqlar ABŞ-ın qərb sahilində Yer üzündə təqribən 25 milyon il əvvəl yaşamış balinanın daşlaşmış kəlləsini tapıblar. Müasir nəsildən fərqli olaraq, qədim balinada eyni vaxtda həm diş, həm də bığ olub. Bununla bağlı məqalə “Zoological Journal of the Linnean Society” nəşrində dərc edilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatın müəlliflərindən biri - Kaliforniya Universitetinin (San-Diyeqo) əməkdaşı Erik Ekdeylin sözlərinə görə, qədim balinaların ağız boşluğunda dişlərin və buynuz lövhələrin (balina bığı) eyni vaxtda olmasına dair ilk dəlil tapılıb. Bu, bığların köməyilə qida əldə edilməsinə keçidin çox tədricən baş verdiyini göstərir.
Hesab edilir ki, balinakimilərin ibtidai əcdadları təxminən 50 milyon il əvvəl müasir Yaxın Şərq və ya Cənubi Asiya ərazisində peyda olub. Nəhəng itə bənzəyən bu canlılar yarı suda yaşayan həyat tərzi keçirirmiş. Təkamül nəticəsində onların ön pəncələri tədricən üzgəcə çevrilib, arxa pəncələrinin yerini balina quyruğu tutub, bədənləri isə bir neçə yüz dəfə böyüyüb.
Alimlər balina ətraflarının müasir görkəmə necə sahib olması, bığlı balinakimilərin əcdadlarının isə dişdən necə məhrum olması və qidanı bığların köməyilə əldə etməyə başlaması ilə çoxdan maraqlanırlar.
Erik Ekdeyl və həmkarları müasir Oreqon ştatı sahilində Oliqotsen dövrünün sonunda, təxminən 25 milyon il əvvəl yaranmış çöküntü süxurlarının qalıqlarını tədqiq ediblər. Paleontoloqların fikrincə, həmin dövrdə ilk bığlı balinalar meydana gəlib, digər balinakimilər isə bütövlükdə bu dəstənin müasir nümayəndələrinə daha çox oxşamağa başlayıb.
Tədqiqat zamanı alimlər Oliqotsen dövrünün süxur təbəqələrini kompüter tomoqrafı ilə işıqlandırıblar. Süxurun daxilində “Aetiocetus weltoni” qədim balina növünün kəlləsi təxminən tam şəkildə olub. Bu qədim balinakimilər Yer üzündə ilk bığlı balinaların yaxın qohumu hesab edilir. Lakin onların çənəsinin dəqiq anatomiyası və ağız boşluğunun quruluşu naməlum qalıb. Məsələn, alimlər bilirdilər ki, qədim balinalarda primitiv dişlər olub. Lakin paleontoloqlar çox güman edirdilər ki, “Aetiocetus weltoni” və onların ən yaxın qohumları, əlavə olaraq, balina bığına görə də fərqlənib. Bu fərziyyəni təsdiq etmək çətin olub, çünki daşlaşma zamanı buynuz lövhələr qorunub qalmayıb.
Lakin Ekdeyl və onun həmkarları balinanın daşlaşmış kəlləsinin içində balina bığının izini aşkar ediblər. Məsələ ondadır ki, tədqiqatçılar “Aetiocetus weltoni” növünün başının, o cümlədən onun qan damarlarının necə düzülməsinin üçölçülü strukturunu yenidən qurublar. Onların quruluşu, alimlərin sözlərinə görə, müasir dişli və bığlı balinalardan çox fərqlənir ki, bu da dişlərin və balina bığının mövqeyindəki fərqlərlə bağlıdır.
Qədim balinanın damarları həm kaşalot və delfinlərin arteriya və venalarına, həm də indi mövcud olan balinakimilərin qan-damar sisteminin analoji hissələrinə qismən bənzəyib. Ekdeylin fikrincə, “Aetiocetus weltoni” növünün anatomiyasının bu cizgiləri onlarda həm dişlərin, həm də balina bığının olduğunu göstərir. Balina kəlləsinin gələcəkdə öyrənilməsi dişlərin və bığların bir-birinə mane olmamasının səbəbini, “Aetiocetus weltoni” növünün həyatının ilk aylarında və illərində nə ilə qidalandığını və onların təkamülünün ilk mərhələsinin necə keçdiyini anlamağa imkan verəcək.