REGİONLAR
Pambığın alış qiymətinin artırılması neftçalalı fermerlər tərəfindən rəğbətlə qarşılanıb
Neftçala, 28 sentyabr, Mahir Babayev, AZƏRTAC
Pambığın növlər üzrə mövcud alış qiymətinin 50 manata qaldırılması neftçalalı fermerlərdə böyük ruh yüksəkliyi yaradıb. İndi məhsul istehsalçıları becərdikləri pambığı son qozasınadək toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il neftçalalı fermerlər 7 min hektar sahədə pambıq əkiblər. Səpin dövründən tutmuş yığıma kimi bütün işlər aqrotexniki qaydada həyata keçirildiyindən tarlalarda bol məhsul yetişib. Yığıma mütəşəkkil başlayan “ağ qızıl” ustaları qısa müddətdə pambıq sahələrindən 1500 tondan çox məhsul toplayaraq tədarük məntəqələrinə göndəriblər.
Uzun illər pambıqçılıqla məşğul olan təcrübəli pambıq ustası Ələddin Muradov cari təsərrüfat ilində 10 hektar sahədə pambıq becərib. “Ötən il əkdiyim 10 hektar pambıq sahəsinin hər hektarından 30 sentner məhsul yığaraq 18 min manat qazanc götürmüşəm. Bu il də sahəmdə məhsul boldur. İndiyədək 2 hektar sahənin məhsulunu toplamışam. Hər hektarın məhsuldarlığı 35 sentner olub. İlk nəticə göstərir ki, bu mövsüm sahədən 35 tondan çox məhsul toplaya biləcəyəm. Bu da 22 min manat qazanc deməkdir. Dövlətin pambıqçılığın inkişafına verdiyi dəstək, məhsulun alış qiymətinin ilbəil artırılması fermer dostlarım kimi mənim də işə olan marağımı artırıb. Dövlətin dəstəyinə arxalanaraq növbəti illərdə əkin sahəmi 15 hektara çatdırmaq fikrindəyəm”, - deyə fermer bildirib.