SİYASƏT
PARİSDƏ KONFRANS
Aprelin 5-6-da Parisin Lüksemburq sarayında Avropa Şurası və Venetsiya komissiyası “Şərqi və Mərkəzi Avropada hüquq qanunları və siyasi demokratiya” mövzusunda konfrans keçirmişlər. Konfransda ölkəmizin hüquqşünaslarını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rauf Quliyev təmsil etmişdir.
Konfransda keçmiş Sovet hakimiyyəti dövründə hüquq, Şərqi Avropada demokratik və hüquqi islahatlar, qanunvericilik sahəsindəki dəyişiliklər məsələləri ətrafında geniş müzakirələr aparılmışdır. Rauf Quliyev bu müzakirələrdə fəal iştirak etmiş, Ermənistan-Azərbaycan münaqişəsinə, torpaqlarımızın 20 faizinin işğal altında olmasına, ölkəmizin bir milyondan artıq qaçqın problemi ilə üzləşməsinə baxmayaraq, Azərbaycanda demokratik islahatlar keçirildiyini, müvafiq qanunlar qəbul edildiyini, Konstitusiyamızda təsbit olunmuş müddəaların Avropa standartlarına cavab verdiyini və Avropa ekspertlərinin bu faktı dəfələrlə qeyd etdiklərini açıqlamışdır.
O dedi ki, Avropa Şurası müstəqillik əldə etmiş bütün ölkələr kimi bu islahat və qanunların tam həyata keçirilməsində Azərbaycana da yaxından kömək göstərməlidir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
PARİS