İQTİSADİYYAT
“PAŞA Həyat Sığorta” on ayda bir sığorta növü üzrə 163,3 min manatdan çox sığorta ödənişi həyata keçirmişdir
Bakı, 20 noyabr (AZƏRTAC). Azərbaycanın “PAŞA Həyat Sığorta” şirkəti 2012-ci ilin yanvar-oktyabr aylarında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə və əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə ümumilikdə 163,3 min manatdan çox sığorta ödənişi həyata keçirmişdir.
Sığorta şirkətindən AZƏRTAC-a bildirilmişdir ki, bu, 2011-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 89,3 faiz çoxdur.
Təkcə cari ilin noyabr ayının əvvəlindən indiyədək şirkət tərəfindən bir sığorta hadisəsi üzrə 37,776 min manatdan çox sığorta ödənişi edilmişdir. Bununla yanaşı, sığorta şirkəti tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə və əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə 8,768 milyon manatdan artıq sığorta haqqı toplanmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə yığımların həcmində 18,2 faiz artım müşahidə olunmuşdur.