SİYASƏT
Pavlodar vilayətinin Aksu şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi yaradılmışdır
Aksu, 8 may (AZƏRTAC). Qazaxıstanın Pavlodar vilayətinin Aksu şəhərində “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) yaradılması ilə əlaqədar təsis konfransı keçirilmişdir.
Tədbirdə Aksu şəhər hakiminin müavini Erjan Raximjanov, Pavlodar vilayətindəki “Vətən” Mədəniyyət Mərkəzinin sədri, Pavlodarın fəxri vətəndaşı Cəfər Mahmudov, idarə heyətinin üzvləri, şəhərdəki Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak etmişlər.
“Vətən” Mədəniyyət Mərkəzi idarə heyətinin üzvü Rövşən İbrahimov mərasim iştirakçılarını təbrik edərək bildirmişdir ki, 1992-ci ildə Pavlodarda, sonra vilayətin Ekibastuz şəhərində və bir neçə rayonda AMM-lər yaradılmışdır və bu istiqamətdə işlər davam etdirilir.
Cəfər Mahmudov qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev xarici ölkələrdə soydaşlarımızın təşkilatlanması işinə böyük diqqət verirdi və məhz buna görə də onun təşəbbüsü ilə Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır.
Dünya azərbaycanlılarının Bakıda keçirilən qurultayları haqqında danışan C.Mahmudov diasporun təşkilatlanması işində bu qurultayların əvəzsiz rolunu diqqətə çatdırmışdır.
Erjan Raximjanov bu şəhərdə daha bir mədəniyyət mərkəzinin yaradılmasından məmnun olduğunu bildirmiş, Qazaxıstanda yaşayan azsaylı xalqların sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd etmişdir.
Sonra səsvermə yolu ilə bu şəhərdə yaşayan Əli Cahangirov yeni yaradılan “Azəri” Mədəniyyət Mərkəzinin sədri seçilmişdir.
Yeni sədr ona etimad göstərdiklərinə görə təşəkkür etmiş, görüləcək işlərdən danışmışdır.
Pavlodardakı Azərbaycan məktəbinin müəllimi Elmira Zeynalova, soydaşlarımızdan Vəzir Ramazanov, Leyla Rüstəmova - Solovyova və başqaları çıxış edərək şəhərdə mədəniyyət mərkəzinin yaradılması zəruriliyindən söz açmış, onlara uğurlar arzulamışlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aksu
######