İQTİSADİYYAT
Paytaxtda uzunluğu 17 min 870 metr olan 18 küçə əsaslı təmir edilib
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2021-ci ilin oktyabr ayı ərzində Bakı şəhərində yerinə yetirilmiş işlər barədə məlumat acıqlanıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, oktyabrda paytaxtda 17 min 870 metr uzunluqda 18 küçə əsaslı təmir olunub, əsaslı təmir işlərinin aparıldığı sahə 148 min 453 kvadratmetr təşkil edib.
Əsaslı təmir zamanı küçə və yollara 15 min 773 poqonometr səki daşları düzülüb, 314 ədəd kanalizasiya lyuku yenisi ilə əvəz olunub, 23 min 571 poqonometr üfüqi nişanlanma xətləri çəkilib.
Qeyd olunub ki, orta təmir işlərinin aparıldığı küçələrin uzunluğu 4500 metr, orta təmir işlərinin aparıldığı sahə isə 28 min 93 kvadratmetr təşkil edib.