İQTİSADİYYAT
PAYTAXTIN ELEKTRİK ENERJİSİ İLƏ TƏMİNATINDA DAVAMLI FASİLƏLƏR OLMAMIŞDIR
“Azərenerji” SC-dan AZƏRTAC-a bildirmişlər ki, havaların kəskin surətdə soyuması ilə əlaqədar hazırda Azərbaycanın energetika sistemi 3530 meqavat yüklə işləyir. Halbuki bundan əvvəl həmin göstərici 3100-3200 meqavat idi.
Azərbaycanın elektrik stansiyalarının gücü və idxal edilən elektrik enerjisinin həcmi sayəsində ölkənin tələbatını təmin etmək mümkün olur.
“Barmek-Azərbaycan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 1-dən paytaxtda elektrik enerjisindən istifadə artmışdır. Belə ki, hazırda Bakıya gündə 1200 MVt elektrik enerjisi daxil olur ki, bu da noyabrın axırındakından 200 MVt çoxdur.
Son iki gün ərzində paytaxtın elektrik şəbəkəsində davamlı fasilələr qeydə alınmamışdır. Lakin şəhərin Binəqədi, Yasamal və Əzizbəyov rayonlarında belə hallar olmuşdur. Buna elektrik enerjisindən istifadənin kəskin surətdə artması ilə bağlı transformatorların işindəki nasazlıqlar səbəb olmuşdur. Lakin “Azərenerji” SC mütəxəssislərinin səyləri ilə bu nasazlıqlar operativ surətdə aradan qaldırılmışdır.