RƏSMİ XRONİKA
PAYTAXTIN FƏTƏLİ XAN XOYSKİ VƏ XƏTAİ PROSPEKTLƏRİNİ BİRLƏŞDİRƏN YOLUN AÇILIŞI OLMUŞDUR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 10-da, ümummilli lider Heydər Əliyevin doğum günü paytaxtın Fətəli xan Xoyski və Xətai prospektlərini birləşdirən Əhməd bəy Ağaoğlu küçəsində tamamilə yenidən qurulmuş yolun açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
İnşaatçılar və nəqliyyatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, bu avtomobil yolunun böyük bir hissəsi yeni salınmışdır. Prezident İlham Əliyevin Bakının mərkəzi hissəsində nəqliyyatın hərəkətinin sıxlığının aradan qaldırılması barədə tapşırığına uyğun olaraq salınmış yolun ümumi uzunluğu 1,5 kilometrdir. Bunun 1,15 kilometri yenidən salınmış, 350 metrlik hissəsi isə genişləndirilmişdir. Yol dörd hərəkət zolaqlıdır. Tikinti zamanı 56 min kubmetr torpaq işi görülmüş, yola 15 min ton asfalt-beton döşənmiş, 3 kilometrlik səki daşları düzülmüşdür. Yol boyunca 750 metrlik istinad divarı inşa olunmuş, ətrafda abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.
Bu yol ətraf ərazidə tıxacların aradan qaldırılması baxımından əhəmiyyətlidir və Xətai prospektindən birbaşa “Gənclik” meydanına çıxışı təmin edir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı yüksək keyfiyyətli yol saldıqlarına görə inşaatçılara və nəqliyyatçılara minnətdarlığını bildirdi, paytaxtda nəqliyyatın sıxlığının aradan qaldırılması ilə bağlı hazırda görülən və gələcəkdə nəzərdə tutulan tədbirlərlə bağlı tövsiyə və tapşırıqlarını verdi.
######