SİYASƏT
Politoloq: 2019-cu ildə Azərbaycanda bir çox sahələrdə böyük nailiyyətlər əldə edildi
Bakı, 10 yanvar, Vüqar Qurbanoğlu, AZƏRTAC
2019-cu il Azərbaycan tarixinə əsaslı islahatlar ili kimi daxil oldu. Siyasi, iqtisadi, sosial sahələrdə aparılan islahatlar, struktur islahatları Azərbaycanın gücünü daha da artırdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov söyləyib.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan 2019-cu ildə bir sıra sahələrdə mühüm nailiyyətlər əldə edib. Ötən il Bakıda Qoşulmama Hərəkatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Dünya dini liderlərinin sammitləri keçirildi. Qoşulmama Hərəkatının sammitində qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə edildi. Dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstəklərini bildirdilər. Bütün bunlar Azərbaycanın beynəlxalq müstəvidə artan rolundan və nüfuzundan xəbər verir. Ötən il, həmçinin beynəlxalq layihələrin uğurla icrası ilə də yadda qaldı. TANAP boru kəmərinin ikinci fazası istifadəyə verildi. Hazırda TAP da müvəffəqiyyətlə icra olunmaqdadır. Azərbaycanın reallaşdırdığı nəhəng enerji və nəqliyyat layihələri ona Avropanın enerji və nəqliyyat xəritəsini yenidən cızmaq şansı verib.
Politoloq vurğulayıb ki, ölkəmizdə sosial sahədə də əhəmiyyətli uğurlar əldə olundu. 2019-cu ildə reallaşdırılan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqı və pensiyaların məbləği artdı. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır.