Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərlidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasında gördüyümüz inkişaf, əldə edilən bütün uğurlar Sizin adınızla bağlıdır, Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl xarici və daxili siyasətin nəticəsidir. Əminik ki, bundan sonra da ölkəmizin və xalqımızın mənafeyinin qorunmasına, Azərbaycanın strateji mövqeyinin daha da möhkəmlənməsinə töhfəniz davamlı olacaqdır.

Biz işğal altında olan qədim Qarabağımızı Sizin rəhbərliyinizlə azad etdik. 44 günlük Vətən müharibəsində Sizin - Müzəffər Ali Baş Komandanımızın, yenilməz, rəşadətli Ordumuzun, Sizə inanan, Sizi sevən Azərbaycan xalqının sayəsində qazanılan tarixi Qələbəni böyük iftixar və əvəzolunmaz qürur hissi ilə qeyd etdik. Bu gün biz dünya azərbaycanlıları Sizin sayənizdə XXI əsrə adımızı qalib xalq kimi qızıl hərflərlə yazdıq. Siz həm siyasi, həm də hərbi sahədə əvəzolunmaz Lider və müdrik Sərkərdə olduğunuzu bütün dünyaya nümayiş etdirdiniz. Sizin hər müraciətiniz, hər çıxışınız dünya azərbaycanlıları və bizə dəstək olan ölkələrdə məmnunluqla izlənildi. Düşmən və düşmənin tərəfini tutan hər kəs tarixi və sarsıdıcı cavabını aldı. Biz fəxr edirik ki, azərbaycanlıyıq və Sizin kimi müdrik Prezidentin rəhbəri olduğu ölkənin vətəndaşlarıyıq. Tanrı Sizi qorusun.

Biz Sizə inanır və güvənirik. Hər zaman Sizin əmr və göstərişlərinizi rəhbər tutaraq Azərbaycanın haqq səsini, haqlı mövqeyini istər Polşa, istərsə də dünyanın müxtəlif ölkələrinin ictimaiyyətlərinə çatdırmağa və ölkəmizi layiqli şəkildə təmsil etməyə davam edəcəyik.

Bu gün Siz bütün qüvvənizi, təcrübənizi və biliklərinizi xalqın rifahının yaxşılaşdırılmasına yönəldərək planlarınızı uğurla real işlərə çevirirsiniz. Sizin yüksək peşəkarlığınız, məqsədyönlü fəaliyyətiniz və uzaqgörən siyasətiniz ölkənin sosial-iqtisadi inkişafına, vətəndaşlarımızın həyat səviyyəsinin və rifahının yüksəldilməsinə şərait yaradır. Sizin fəaliyyətiniz, dövlətimizin mənafelərinə sədaqətiniz, fəal həyat mövqeyiniz Azərbaycana təmənnasız xidmətin parlaq nümunələridir.

Siz müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin ideyalarını və prinsiplərini həyata keçirərək, Ulu Öndərimizin daxili və xarici siyasətini davam və inkişaf etdirərək, tapşırıq və göstərişlərini rəhbər tutaraq Azərbaycan dövlətçiliyini uğurla möhkəmləndirirsiniz. Azərbaycan Sizin rəhbərliyiniz dövründə mühüm uğurlar qazanıb. Əminik ki, Sizin ali dövləti fəaliyyətiniz bundan sonra da ölkəmizin hərtərəfli tərəqqisinə və iqtisadiyyatımızın inkişafına şərait yaradacaq. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dünyada öz sözünü deyən, güclü, uğurlu və inkişaf edən ölkədir.

Zati-aliləri, doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırırıq.

Möhtərəm cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Polşa Azərbaycanlıları Şurasının üzvləri və Polşada yaşayan azərbaycanlılar adından Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, səadət, Azərbaycanın inkişafı naminə bütün təşəbbüslərinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

 

Fərid Cəfərli

Polşa Azərbaycanlıları Şurasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin