RƏSMİ XRONİKA
POLŞA PREZİDENTİ LEX KAÇİNSKİNİN BƏYANATI
-Hörmətli Prezident Əliyev,
Hörmətli Azərbaycan nümayəndə heyəti,
Hörmətli xanımlar və cənablar!
Mən əvvəlcə sizi salamlayıram. Mən böyük məmnunluqla
bildirmək istəyirəm ki, cənab İlham Əliyev mənim dəvətimi qəbul edib ölkəmizə rəsmi səfərə gəlmişdir. Artıq iki ildən çoxdur ki, biz əməkdaşlıq edirik. Lakin bu səfər ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu səfər elə bir vaxta təsadüf edir ki, ölkələrimiz arasında münasibətlər olduqca sıx, strateji xarakter daşıyır. Azərbaycan Polşanın strateji müttəfiqidir. Polşa öz xarici siyasətində Azərbaycanın Avratlantik strukturlara inteqrasiya olunmasına yardım göstərməyi vacib hesab edir.
Eyni zamanda onu da qeyd etməliyəm ki, cənab Prezidentin bu rəsmi səfərini biz səbirsizliklə gözləyirdik. Cənab Prezidentlə apardığımız bugünkü danışıqlarımız zamanı cənab İlham Əliyev bildirmişdir ki, Dağlıq Qarabağ problemi dinc yolla həll olunmalıdır. Lakin bu həll yolu xüsusi olaraq, beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və biz bu mövqeyi dəstəkləyirik. Baxmayaraq ki, bizim Ermənistanla da münasibətlərimiz var. Bu, birinci məsələ.
İkinci məsələ ondan ibarətdir ki, bizim çox maraqlı müzakirələrimiz oldu və həmin müzakirələr zamanı müxtəlif mövzulara toxunduq. Eyni zamanda enerji siyasətini nəzərdən keçirdik və Prezident bildirdi ki, bir il bundan əvvəlki vəziyyətdən fərqli olaraq, bizim regionda hazırda enerji məsələsinə siyasətdən ayrı baxıla bilməz. Biz eyni zamanda dost ölkələrdə olan vəziyyəti də müzakirə etdik. Hansı ki, o ölkələr Polşa üçün təbii maraq doğurur və Polşa üçün dost ölkədir.
Biz risklər və imkanları da müzakirə etdik və problemləri nəzərdən keçirdik. Enerji əməkdaşlığı sahəsində, xüsusən də Krakovdakı konfransdan başlayaraq, indiyədək əldə olunmuş irəliləyişi nəzərdən keçirdik. Biz bilirik ki, Azərbaycanın nəinki xam neft, o cümlədən çox böyük təbii qaz yataqlarında çox böyük potensialı var və bu, mövcuddur. Bu, Polşa üçün olduqca vacibdir və bu sahədə mövzunu cənab Prezidentlə daha sonra inkişaf etdirəcəyik. Biz bundan başqa qarşılıqlı maraq doğuran digər sahələrdə olan əməkdaşlığımızı da müzakirə etdik.
Mən böyük məmnuniyyət hissi ilə cənab Prezidentə Polşa Respublikasının ən ali ordenini – “Xidmətlərə görə” Böyük Xaç ordenini təqdim etdim. Cənab Əliyev ölkələrimiz arasında münasibətlərin inkişaf etməsinə göstərdiyi xidmətlərinə görə bu ordenlə təltif olunmuşdur. Biz bilirik ki, XX əsrin əvvəlində siz azadlığınıza nail olmusunuz. Azərbaycan xalqı tarixən öz suverenliyi və müstəqilliyi uğrunda mübarizə aparmışdır.
Cənab Prezident, çox sağ olun.