İQTİSADİYYAT
Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilib
Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlətimizin başçısı bildirib: “Nəqliyyat təhlükəsizliyi təmin edilib. Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilib və bizim fəal iştirakımızla “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri fəaliyyətdədir və deyə bilərəm ki, “Şərq-Qərb” nəqliyyat dəhlizi üzərində artıq iki qol mövcuddur. Biri Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa, digəri isə Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa. Hər ikisi Azərbaycan üzərindən keçir və təbii ki, bizim imkanlarımız daha da genişlənir. Əgər biz “Şimal-Cənub” nəqliyyat dəhlizini nəzərə alsaq, bu da Şimali Avropa-Rusiya-Azərbaycan-İran-Hindistan ölkələrini əhatə edir. Deməli, təsəvvür etmək çətin deyil ki, bu sahədə də nəqliyyat təhlükəsizliyimizi təmin etmişik”.