SİYASƏT
Prezident İlham Əliyev mətbuatın tərəqqisini daim diqqətdə saxlayır
Bakı, 21 iyul (AZƏRTAC, Samirə Allahverdiyeva). İyulun 21-də Binəqədi rayonunda mətbuat işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Binəqədi Rayon İcra Hakimiyyətinin binasında yerləşən büstünün önünə gül qoydular və dahi şəxsiyyətin xatirəsinə öz dərin ehtiramlarını bildirdilər.
Daha sonra Alı Mustafayevin, Salatın Əsgərovanın, Çingiz Mustafayevin və Vətən uğrunda canlarından keçən digər jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov jurnalistləri peşə bayramları münasibətilə təbrik edərək bir xalqın tərəqqisini, xüsusilə də milli şüurunun inkişafını mətbuatsız təsəvvür etməyin çətin olduğunu diqqətə çatdırdı. Natiq davamlı olaraq tərəqqidə olan mətbuatın inkişafını şərtləndirən başlıca amil kimi ölkəmizdə yaradılmış demokratik mühit, söz və ifadə azadlığının təmin olunması, plüralizm və ən əsası mətbuata göstərilən dövlət qayğısını vurğuladı. Rayon icra hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin senzuranı ləğv etməsini mətbuatın inkişafını sürətləndirməklə yanaşı, bu sahənin sağlam təməllər üzərində dayanması, mətbuatın zəngin və şərəfli tarixinə layiq fəaliyyət göstərməsinə güclü stimul yaratdığını dedi. X.İsgəndərov Prezident İlham Əliyevin mətbuatın tərəqqisini daim diqqətdə saxladığını, bu sahənin inkişafına əsaslı təsir göstərməklə yanaşı, mətbuatın fəaliyyəti istiqamətində hər kəsin üzərinə məsuliyyət qoyduğunu qeyd etdi.
Tədbir “Binəqədi” qəzetinin baş redaktoru Rüfət Mərdanov, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Respublika”qəzetinin baş redaktorunun müavini Hümbət Musayev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun və KİVİDDF-nin icraçı direktoru Vüqar Səfərlinin çıxışları ilə davam etdi.
Sonda peşə bayramları münasibətilə KİV nümayəndələrinin mükafatlandırılması mərasimi oldu, tort kəsildi.
Tədbir jurnalistlərlə xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşdı.
Mükafatlandırılanlar arasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AZƏRTAC-ın əməkdaşı Samirə Allahverdiyeva də vardır.