REGİONLAR
Prokurorluq işçiləri ölkəmizdə qanunun aliliyinin təmin edilməsi işində üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər
Füzuli, 1 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Prokurorluq işçiləri ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Füzuli rayonunda Azərbaycan Prokurorluğunun 103-cü ildönümü və 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Horadiz şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Sonra tədbir Füzuli Dövlət Dram Teatrında davam etdirilib. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi yad olunub.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Rayon prokuroru Elnur Rüstəmov diqqətə çatdırıb ki, Füzuli rayonunda prokurorluqla digər hüquq-mühafizə orqanlarının əməkdaşlığı yüksək səviyyədədir. Qarşılıqlı əlaqə nəticəsində rayonda sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.
Görüşün sonunda rayon prokurorluğunun bir sıra əməkdaşlarına Füzuli Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilib.